Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Cahid İsmayıloğlu ilə "Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması" layihəsi haqqında söhbət.

 

– Kompüter dilçiliyi şöbəsində hansı işlər görülməkdədir?
– İlk olaraq deyim ki, Azərbaycan dilinin fundamental tədqiqatlarının mərkəzi, dilçilik problemlərinin aparıcı təşkilatçısı Milli Elmlər Akademiyasının Dilçilik İnstitutudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 2013-cü ildə, daim Azərbaycan dilçiliyinin formalaşması və inkişafı problemləri üzərində işləyən Dilçilik İnsitututunda yeni yaradılan şöbələrdən biri də Kompüter dilçiliyi şöbəsidir.
Azərbaycan dilinin və dilçiliyinin inkişafına təkan verən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin dilçi-alimlərinin beynəlxalq nüfuz qazanmasına yol açır. Dilçilərimizin əsas vəzifələri bu siyasi sənəddən irəli gələn məsələləri qısa müddətdə ləyaqətlə həyata keçirməkdir.

– Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması layihəsinin məqsədi, qarşıya qoyulan məsələləri və aktuallığı nədən ibarətdir?
– Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın əsas vəzifələri sırasında Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, ana dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması qeyd olunub. O cümlədən, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi və internet portalının yaradılması məsələləri sənəddə yer alıb. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin və Azərbaycan dilində antiplagiat sistemin yaradılması, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi də Tədbirlər Planına daxildir. Layihənin əsas məqsədi bu istiqamətləri əsəs götürərək "Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması"dır. İnformasiya bazası vahid bir internet portalında cəmləşəcək.

– Layihənin məqsədini, elmi ideyasını, gözlənilən nəticələri, elmi və praktiki əhəmiyyətini, axtarış və innovativ xarakterini qısaca necə izah edə bilərsiniz?
Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması layihənin əsas məqsədidir. İnformasiya bazası Azərbaycan dili haqqında sistemləşdirilmiş informasiyaların cəmini təşkil edəcək. Azərbaycan dilinin tarixi, təbliği, dilçilik araşdırmaları, elektron dərsliklər, ana dilimizin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər, dil haqqında mühüm sənədlərin (qanun, fərman, sərəncam, dövlət proqramı, dil siyasəti sahəsində normativ hüquqi aktlar və s.) elektron bazası, Azərbaycan dili ilə bağlı ölkədə və dünyada baş verən ən kiçik tədbir, aksiya, konfrans və simpoziumların işıqlandırılması informasiya bazasını təşkil edən internet portalının tərkibində toplanacaq, daim yenilənəcək. Bu baza Azərbaycan dilinin dünyada təbliği ilə yanaşı, dilimizi öyrənmək istəyənlər üçün vəsait olacaq, ölkədə dilçilik araşdırmalarında qaynaq kimi istifadə ediləcəkdir. Qeyd edək ki, ölkədə dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi işində də portalın əhəmiyyəti qaçınılmaz olacaq.
Portalın ətraflı axtarış və innovativ imkanları istifadəçinin (tədqiqatçı) işini asanlaşdıracaq, qaynağı bir göz qırpımında əldə etməsinə imkan yaradacaq. Layihənin sonrakı mərhələlərində bu axtarış və innovativ imkanların (orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlər) artırılması üçün texniki zəmin hazırlanacaq. Bütün bu imkanlarının elmi və təcrübi əhəmiyyəti böyükdür.

– Layihənin elmi istiqaməti və qarşıya qoyulan problem nədir?
– Layihənin əsas istiqaməti Azərbaycan dilinin və dilçilik elminin inkişafına dəstək olmaqdır. Bu dəstək "Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işi" istiqaməti əsas götürülərək həyata keçiriləcəkdir. Eyni zamanda dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin etmək qarşıya qoyulan əsas məqsəddir.
Qarşıya qoyulan əsas problemlər Azərbaycan dilinin və dilçilik elminin inkişafına dəstək olmaq; Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi; Dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakı; Azərbaycan dilinin tədrisinin genişləndirilməsi; Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi; Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği; Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsi; Dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların İKT-nin imkanlarından istifadə edərək əldə edilməsini maksimum dərəcədə asanlaşdırmaq. Bu dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanması işində vasitə olacaq; Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması işinə birbaşa aiddir; UNICODE (latın əlifbası ilə məlumatın daxil edilməsi) və Azərbaycan dilinin internet resurslarında düzgün yazılması ilə bağlı texniki imkanların təklif edilməsi və dəstəklənməsi; Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının canlı rejimdə istifadəsi; Köhnə şriftlərdə yığılmış Azərbaycan dilində mətnlərin yeni şrift standartına (Azərbaycan əlifbası klaviaturası) çevirən proqram təminatının canlı rejimdə istifadəsi; Layihənin sonrakı mərhələlərində Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinə portaldan canlı (Online) çıxışın təmin edilməsi; Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətə birbaşa aiddir; Azərbaycan dilində mətnlərin avtomatik səhv yoxlama – korrektor (Spell Checker) proqramının təklif edilməsi və başqa planlar konkret məqsəd kimi qoyulmuşdur.
Türkiyə Cümhuriyyətində Türk Dil Qurumu tərəfindən hazırlanmış www.tdk.gov.tr internet portalı bu sahədə dünya mütəxəssisləri tərəfindən aparılan işlər və alınan mühüm nəticələrə çox gözəl nümunə ola bilər. Portalda fəaliyyətdə olan elektron kitabxana, elektron lüğətlər, əhatəli axtarış sistemi, diçilim aləmində baş verən mühüm hadisələrin operativ olaraq işıqlandırılması bizim həyata keçirəcəyimiz layihə əsasında hazırlanacaq portaldakı ideyalar ilə üst-üstə düşür.

– Layihənin elmi ideyasın necə şərh edirsiniz?
– Layihə əsasında hazırlanacaq portal "Azərbaycan dilinin və dilçilik elminin elektron qaynağı" funksiyasını daşıyacaq. Buna bir növ "Elektron dilçilik kitabxanası" da demək olar. Axtarış və innovativ imkanlar (elektron lüğət, canlı proqram təminatları, ətraflı axtarış) portala elektron kitabxadan daha üstün imkanlar verəcək. Layihənin bir üstünlüyü də portalın dünyanın istənilən nöqtəsindən Azərbaycan dili və dilçilik elmi ilə maraqlananlar üçün əlçatan olması olacaq. Qeyd edim ki, əsasən Türk Cümhuriyyətləri və İran İslam Respublikasında Azərbaycan dili və dilçilik elmi ilə maraqlanan alimlər ciddi qaynaq sıxıntısı yaşayırlar.

– Layihənin axtarış və innovativ yönümlü olmasını necə əsaslandırırsınız?
– Dilçiliyin əhəmiyyətli sahələrindən biri də tətbiqi dilçilikdir. Tətbiqi dilçiliyin tarixi nəzəri dilçilikdən daha qədimdir. Bunun çox asan izahı var. Elmi istiqamətlər bərqərar olmazdan əvvəl onun tətbiqi-təcrübi-əməli sahələri meydana gəlir. Yazı-qarafik problemlər, lüğətçilik, sinxron-avtomat tərcümə tətbiqi dilçiliyin əməli sahələridir. Günümüzdə İnformasiya Texnologiyalarının inkişafı bizə imkan verir ki, bu sahələrdən tamamilə tətbiqi-təcrübi-əməli istiqamətdə yararlanaq. Nəhəng axtarış saytları (Məs.: Google) vasitəsi ilə dünya informasiya bazasında mövcud olan saysız hesabsız məlumatları bir anlığına tapa bilmək (hətta nəzarətdə saxlamaq) imkanı bizə işarə edir ki, Azərbaycan dili və dilçilik elmi ilə bağlı lokal bir sistemin yaradılması da mümkündür və bu nəticəni verəcəkdir.
Qeyd edim ki, bu texniki imkanların (proqram təminatlarının) çoxu hazır şəkildə istehsal olunmuş, yoxlamalardan keçmiş, sadəcə tətbiq edilmək üçün gözləməkdədir.
Portala daxil olan istifadəçi vahid struktur əsasında sistemləşmiş informasiyaları asan və qısa yoldan tapa biləcək. Məsələn, istifadəçiyə "Azərbaycan ədəbi dili tarixi" ilə bağlı məqalə, kitab, dissertasiya, avtoreferat və s. lazımdırsa, "ətraflı axtarış"dan "dil araşdırmaları" bölməsini seçərək, axtardığı avtoreferatın bazasında mövcud olan "Azərbaycan ədəbi dili tarixi" açar sözləri vasitəsilə tapılmış avtoreferatları əldə edəcəkdir. Portal sistemləşdirilmiş ümumi informasiya bazasından və informasiyaların asan əldə edilməsi üçün bazayla əlaqələndirilmiş axtarış sistemindən təşkil olunacaq. Portalda ümumi axtarış (portaldaxili axtarış), ətraflı axtarış (bölmələr üzrə axtarış), elektron lüğətlərdə axtarış layihənin axtarış və innovativ yönümlü olmasının birbaşa göstəricisidir.

– Layihə üzrə işin planı, mərhələlərin müəyyən etmisiniznizmi? Konkret olaraq hansı işlər yerinə yetiriləcək?
– Birinci mərhələ Azərbaycan dili və dilçilik elmi ilə bağlı materialların (elektron və ya qeyri-elektron) toplanması, düzgün şrift standartlarına keçirilməsi, qeyri-elektron materialların kompüterə köçürülməsi prosesidir: Bu prosesdə biz universitetlər, tətqiqat institutları, fərdi müəlliflər, nəşriyyat və mətbəələrlə müntəzəm iş aparacağıq. Bu mərhələdə qarşıya qoyulan məqsəd Azərbaycan dili və dilçilik elmi ilə bağlı yazılmış bir cümlənin də portalın kənarında qalmasına imkan verməmək olacaq.
İkinci mərhələdə portalın ilkin strukturunun hazırlanması (sonradan bu struktur dəyişə, əlavələr oluna biləcək) nəzərdə tutulub: Layihə haqqında, Azərbaycan dili, nəşrlər, elektron lüğətlər, yükləmələr, dil haqqında mühüm sənədlər (qanun, fərman, sərəncam, dövlət proqramı, dil siyasəti sahəsində normativ hüquqi aktlar və s.), dilçilik araşdırmaları (kitablar, dissertasiyalar, avtoreferatlar, elmi məqalələr və s.), elektron dərsliklər, yeniliklər (tədbir, aksiya, konfrans və simpoziumlar), dilçi alimlərimizin bioqrafiya bazası, dilçi alimlərimizin biblioqrafiya bazası, Azərbaycan dilinin sosial şəbəkələrdə təbliği və s.
Üçüncü mərhələ portalın dizayn tərtibatı, gözoxşayan, milli ornamentlərimizin üstünlük təşkil etdiyi, interaktiv, gözyormayan renglərdən istifadə ediləcək müasir görünüşünün hazırlanması olacaq. Bu mərhələ qrafis dizayner və rəssamın birgə işi əsasında reallaşacaq.
Dördüncü mərhələdə portalın müasir tələblərə və saytın strukturuna uyğun genişhəcmli proqram təminatının hazırlanması olacaq. Proqram təminatının modulları sınaqdan keçmiş, lisenziyalı sistemlərdən təşkil ediləcəkdir.
Beşinci mərhələ portalın yerləşdirilməsi və tam təhlükəsiz, sürətli, fasiləsiz işləməsi üçün yüksək parametrlərə malik serverin quraşdırılması, sonradan servərə nəzarətin həyata keçirilməsi olacaq. Serverin gücü sonradan portaldan istifadə edənlərin sayının artmasına və informasiyanın həcminin çoxalmasına paralel olaraq artırılacaq ki, fasilələr yaranmasın. Serverin proqram təminatı vaxtı-vaxtında yenilənəcək ki, informasiyaların təhlükəsizliyi tam təmin edilsin.
Altıncı mərhələdə toplanmış, vahid standartlara salınmış elektron materiallar hazırlanmış proqram təminatı vasitəsi ilə serverə oturdulacaq.
Yeddinci mərhələ daimi olaraq portalın saxlanılması, yenilənməsi və nəzarətin həyata keçirilməsidir.

– Layihədən gözlənilən nəticələr, onların elmi və təcrübi əhəmiyyəti nədir?
– Əsas nəticə daim fəaliyyətdə olan Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası internet məkanında var olacaq. Nəhəng axtarış sistemlərində dilimiz və dilçilik elmi haqqında həyata keçiriləcək axtarışlar nəticəsiz qalmayacaq, dilimiz haqqında internetdə yayılmış yanlış, təhrif olunmuş informasiyalara qarşı doğru mənbə olacaq, Azərbaycan dilinin dünyada təbliği işində mühüm rola malik olacaq, diasporamızın istinad mənbəyinə çevriləcək, dünyada dilimizi tədqiq etmək, öyrənmək istəyənlər üçün qaynar roluna malik olacaq. Layihədə Azərbaycan dili və dilçiliyi il bağlı yazıya alınmış bütün materiallar yer alacaq. İnformasiya-kommunikasiya texnologiyalarının dilçiliyə tətbiqi birbaşa olaraq layihənin ümumi nəticəsi hesab edilə bilər.

Ölkə.Az