Mətbuatda:

“Artıq dövlətlər arasında baş verən münaqişələr virtual məkana keçib”

13 Oktyabr, 2011 - Müsahibə

Cahid İsmayıloğlu: “Azərbaycan informasiya məkanına kənar müdaxilələrdən sığortalanmayıb”

Bu gün dünya informasiya təhlükəsizliyinin birgə qorunması istiqamətində axtarışlara başlayıb. ATƏT də prosesə qoşulub və bu istiqamətdə körpü rolunu oynamağa çalışır. Bəs bu gün informasiya təhlükəsizliyi nə üçün aktuallaşıb? İnformasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu deyir ki, hazırda informasiyanın qorunması və informasiyadan qorunmaq həyati bir məsələdir...

- İnformasiya təhlükəsizliyi nə deməkdir?

- Biz artıq informasiya cəmiyyətində yaşayırıq. Təbii ki, bu cəmiyyətdə informasiya ən mühüm resurs sayılır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnformasiyanın qorunması və informasiyadan qorunmaq hazırda həyati bir məsələdir.

- Yeni texnologiyaların informasiya təhlükəsizliyinə nə kimi təsiri var?

- Bugünkü gündə internetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi məsələnin kökündə dayanır. Yeganə yol mühafizəni gücləndirmək, hər gün baş verən yenilikləri öyrənmək və gündəmdə saxlamaqdır. Əsasən milli dəyərli internet resurslarının təhlükəsizliyi diqqət mərkəzində olmalıdır. Çünki daha çox bu növ informasiya resurslarına daim haker hücumları həyata keçirilir. Azərbaycan, ümumiyyətlə dünya, ölkənin informasiya məkanına bu cür müdaxilələrdən sığortalanmayıb. Bu hücumlar əsasən Azərbaycanla müharibə vəziyyətində olan işğalçı dövlət Ermənistanın informasiya strukturları, xaricdəki ermənipərəst, erməni lobbisinin idarəsində olan qruplar, fərdlər tərəfindən həyata keçirilir. Hücumlar daha çox Azərbaycan üçün xüsusi sayılan, Xocalı soyqırımının ildönümü, 20 yanvar faciəsi, 31 mart Azərbaycanlıların Soyqırım Günü və bu kimi günlərdə daha çox müşahidə olunur. Bunlar onu göstərir ki, artıq dövlətlər arasında baş verən münaqişələr virtual məkana da keçib. Çox vaxt bunu “informasiya müharibəsi” də adlandırırlar.
Yalnız Ermənistan deyil, Rusiya, Çin, ABŞ və digər ölkələrin ərazilərindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınmaqdadır. Ümumiyyətlə, virtual informasiya mühiti mövcud olduğu müddət ərzində informasiya müharibəsi daim olacaq.

- Terrorçular virtual məkanın imkanlarından necə istifadə edirlər?

- Terrorizm, separatizm, ekstremizm müasir texnologiyalardan çox məharətlə istifadə edir və bu hal təhlükəni daha da artırır. Terrorçuların internet vasitəsi ilə asan və iz buraxmadan informasiya mübadiləsi həyata keçirməsi, şəbəkələşməsi, sıralarının genişləndirilməsi halları ciddi təhlükədir. Azərbaycanın işğal altında olan ərazilərinin bir çox internet resurslarında ayrı dövlət kimi göstərilməsi, bəzi xəritələrdə ayrı sərhədlər daxilində yer verilməsi bu yolla separatizmin də varlığını qoruya bilməsini sübut edir.

- Azərbaycanın informasiya məkanına müdaxilələrlə necə mübarizə aparmalıdır?

- Mübarizə üç formada təşkil olunmalıdır. Birincisi, resursların tam şəkildə qorunmasını təşkil etmək və hücumlardan sığortаlanmaq lazımdır. Bunu üçün ilk növbədə beynəlxalq təcrübə öyrənilməli, müdaxilə hallarının qarşısının alınmasını təmin edən proqram təminatları tətbiq edilməlidir. İkincisi, edilən hücumların keyfiyyətini, kəmiyyətini, qüvvəsini, xarakterini izləmək, öyrənmək, nəzarətdə saxlamaq gərəkdir. Üçüncüsü, hücumları bəzi hallarda əks hücumla cavablandırmaq lazımdır. Əlbəttə, üçüncü hal bir o qədərdə tövsiyə olunmur, çünki belə hallar beynəlxalq normativlərə əsasən cinayət ünsürü sayılır. Düşmən dövlətin də bu hallara adət etməsi təbii hala çevrilib. Çünki söhbət işğalçı, cinayətkar bir ölkədən – Ermənistandan gedir.

- Kibercinayətkarlıq informasiya təhlükəsizliyinə hansı təhdidlər törədir?

- Yeni texnologiyaların sürətli inkişafı və yayılması bu növ cinayətin meydana gəlməsinə gətirib çıxartdı. “Kibercinayətkarlıq” kompüter sistemi vasitəsilə törədilən cinayətlərdir. Qanunsuz bank əməliyyatları, hakerlik, piratlıq, uşaq pornoqrafiyasının istehsalı, qadağan olunmuş, cinayət tərkibli, təxribat xarakterli informasiyaların yayılması halları bu xarakterli cinayətlər hesab etmək olar. Yeni texnologiyalar ilə kibercinayətlərin izlərinin gizlədilməsi təcrübəli bir kibercinayətkar üçün mümkün bir haldır. Belə cinayətlər ildən ilə artmaqdadır. İnformasiyaların məhv edilməsi, dəyişdirilməsi, oğurlanması və ya internet resurslarına ziyan vurulması halları daha geniş yayılıb.
2008-ci ildə Azərbaycan Avropa Şurasının “Kibernetik cinayətkarlıq haqqında Konvensiya”sını imzalayıb. Bununla bağlı Cinayət Məcəlləsində elektron daşıyıcılara müdaxilə edilməsi ilə bağlı məsuliyyət nəzərdə tutulub və yəqin ki, tətbiq edilməkdədir.

- Belə hallar hansı yolla araşdırılır?

- Yenə eyni üsulla, yəni kompüter sistemi ilə informasiyanın mənbəyi, təyinatı, marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı təyin edilir. Bu cür cinayətlərin araşdırılması üçün cinayətkarın tətbiq etdiyi və istifadə etdiyi üsullardan istifadə edildiyi zaman daha tez nəticə əldə etmək mümkündür. Eyni zamanda bu üsullar cinayətkarın istifadə etdiyi üsullardan daha geniş olmalıdır. İnternet provayderlərin (və hostinq provayderlərin) informasiya bazası araşdırılaraq da dəlillər əldə edilə bilər. Müdaxilə xarici ölkədəndirsə, “Kibercinayətkarlıq haqqında” Konvensiyanın şərtlərinə əsasən hücuma məruz qalan ölkə hücumun araşdırılmasını üçün həmən ölkənin hüquq-mühafizə orqanları ilə birgə işləmək hüququna malikdir.

- Virusların informasiya təhlükəsizliyinə təsirini nədən ibarətdir?

- Kompüter virusları informasiya təhlükəsizliyinə ən böyük təhdiddir və əsasən təhlükəsizlik səddinin aşılması üçün məqsədyönlü şəkildə göndərilir. Virusların miqdarı hər an artmaqdadır, hər gün 10-15 yeni növ virus meydana çıxır. 30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü kimi qeyd edilir və bu dünyada ilk virusun yarandığı ildə elan edilib. Virusların vurduqları zərər milyonlarla dollar dəyərində ölçüləndən sonra informasiya təhlükəsizliyi haqqında mövcud təsəvvürləri dəyişdi. Bundan sonra mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələləri haqqında ciddi düşünməyə başladılar.
Viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatları kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar. İnternet virusların daha geniş və sürətli yayılması üçün böyük magistral açdı. İnformasiya texnologiyaları sahəsindəki hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar yaradır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı. İndi internetdə viruslar bioloji virusların real dünyada yayılmasından daha sürətlə yayılır.
Viruslar vurduğu ziyan artıq milyon dollarlarla ölçülməyə başlayandan sonra dünyada antivirus proqramlara böyük tələb yarandı. Bu da yeni biznes sahəsinin yaranmasına səbəb oldu. Bilmək olmaz, bəlkə də virusların yaranmasının və yayılmasının bu biznes ilə yaxın əlaqələri mövcuddur. Öncə virus yaradılır, yayılır, sonra isə antiviruslar satışa çıxarılır. Hər halda viruslarla mübarizə davam etdirilməlidir.

Lent.az

URL: http://www.lent.az

 
     
© 2011 WebStudio.Az LLC