Mətbuatda:

Cahid İsmayıloğlu: “Bələdiyyələr tam şəkildə internetə çıxışlarını təmin edə bilməyiblər”

19 Sentyabr, 2011 - Müsahibə

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlunun Gün.Az-a müsahibəsi:

- Azərbaycanda bələdiyyələrin elektron resurslarla təminatı sahəsində işlər nə yerdədir?

- Bələdiyyələr on ildən artıqdır ki, fəaliyyət göstərir. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var.

Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu gün ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, “İnformasiya əldə etmə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, yerli özünüidarəetmə orqanları üç il ərzində internet resursu istifadəyə verməli idilər.
Bu müddət 2009-cu ildə başa çatsa da, bu gün bələdiyyələrin 10-a yaxınının internet resursu mövcuddur. Çoxu da sadəcə mövcudluğu ilə qalır demək olar ki, yenilənmir, fəaliyyətsizdir. Bunun əsas səbəbi kimi bələdiyyələrin maddi çətinliklərlə üzləşməsi və yerlərdə kadr çatışmamazlığının mövcudluğu göstərilir. Halbuki, həmin saytların hazırlanması üçün yüksək maliyyə tələb olunmur.

- Bələdiyyələrin elektron resurslarla təminatının əhəmiyyəti nədir?

- Azərbaycanda “elektron hökumət” layihəsi “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilir. Qeyd edim ki, Dövlət Proqramının məntiqi davamı və Milli Strategiyanın icrası məqsədi ilə 2010-2012-ci illəri əhatə edən növbəti mərhələ üçün yeni Dövlət Proqramı hazırlanmışdır. Bələdiyyələrin elektron resurslarla təminatı bu dövlət proqramı çərçivəsində həyata keçirilməlidir.

Elektron hökumət, hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, bələdiyyəyə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Mən hesab edirəm ki, “elektron hökumət”in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində bu özünü doğruldur.

- Bu sahədə hansısa layihələr həyata keçirilir?

- Bu sahədə hələ ki, konkret bir layihə həyata keçirilmir. Bu işin öhdəsindən hər bir bələdiyyə ayrı-ayrılıqda gələ bilməyəcək. Mövcud bütün bələdiyyələrin resurslarının hazırlanması bir qrupa tapşırılmalı və müəyyən edilmiş bir vaxt çərçivəsində həyata keçirilməlidir. Eyni zamanda bu resursların sonradan saxlanılması və idarə edilməsi də bu qrupa həvalə edilməlidir. Bunun üçün ilk növbədə həmən qrupun güclü maddi texniki bazası olmalı və mövcud bütün bələdiyyələr ilə işləmək, işi təşkil etmək səriştəsinə malik olmalıdır.

- Bələdiyyələrin elektron resurslarla təminatınının dövlət proqramı çərçivəsində aparılan işlərin təkmilləşdirilməsi üçün hansı rolu var?

- “Elektron Azərbaycan” dövlət proqramı rəsmi strukturların, habelə bələdiyyələrin informasiya baxımından cəmiyyətə açıq olmasını təmin etməyə, hər bir təşkilatın rəsmi internet saytının, blogunun, portalının yaranmasına hesablanmışdı. Bələdiyyələrin elektron resurslarla təminatı bu sahədə aparılan işlərin başa çatmasına və ən əsası nətəcə verməsinə gətirib çıxaracaqdır. Bu işlərin hamısı konkret məqsədlər üçün həyara keçirilir. Bayaq sadaladığım hakimiyyət strukturlarının şəffaf fəaliyyətinin təmini, dünyaya inteqrasiya və bu kimi məsələləri əsas nəticələrdən hesab etmək olar.

- Bələdiyyələrin elektron resurslarla təminatı vətəndaşlar üçün hansı dəyişikliklərə yol açacaq?

- Azərbaycanda internet istifadəçilərin sayı günü gündən artmaqdadır, “rəqəmsal gerilik” azalmaqdadır. Bu resursların yaradılması və fəaliyyəti əhalinin geniş təbəqələrinin idarəetmə prosesində iştirakı, informasiyanın elektron formada əldə edilməsi, vətəndaşların yerli özünüidarəetmə orqanları ilə əlaqəsinin daha da səmərəli təşkili təmin ediləcək. Bələdiyyənin fəaliyyəti, büdcəsi, təklif etdiyi xidmətlər, boş iş yerləri və işə qəbul qaydaları, sahə işçilərinin əmək haqları, vətəndaşların qəbul qaydaları və qəbul vaxtları, keçirdiyi tender və müsabiqələr haqqında məlumatlar bu resurslarda əks olunmalıdır. Hətta vətəndaşın elektron formada ərizə ilə müraciəti, şikayəti də bu yolla təmin edilə bilər.

- Vahid bələdiyyə portalının yaradılması necə baş verəcək?

- Hər bir bələdiyyənin öz resursu olduğu halda, burada həmən bələdiyyəyə aid informasiyalar toplanacaq. Ölkənin bütövlükdə bələdiyyə sistemini, qanunvericiliyini, bələdiyyə institutunu, 1718 bələdiyyənin birləşdiyi keçidləri, müntəzəm yenilikləri əhatə edən bir portalında yaradılması vacibdir. Bu portalı 1718 bələdiyyə ilə işləmiş, bu təcrübəyə malik peşəkər heyyətin hazırlaması və idarə etməsi məqsədəuyğul olardı.

- Bələdiyyələrin elektron təminatı nə zaman tam yekunlaşa bilər?

- Bu prosesi gözəyarı şəkildə üç mərhələyə bölmək olar. Birincisi işin sırf texniki təminatının hazırlanması, ikici bələdiyyələrlə ayrı-ayrılıqda əlaqə ilə məzmun təminatının hazırlanması: qeyd edim ki, bütün bələdiyyələrdə vahid məzmun strukturunun olması işin sistemli və tez həllini tapmasını təmin edər. Üçüncü də bələdəyyələrlə davamlı işin qurulması və resurusun daim yenilənməsi, bələdiyyə əməkdaşının resurs ilə işləyə bilməsini təmin etmək. Bunu üçün treyninqlərin təşkil olması da düşünülə bilər. Düşünürəm ki, peşəkar bir komanda ilə bu proses bir il müddətində yekunlaşa bilər.

Ülkər Nəbiyeva
Gün.Az

URL: http://www.gun.az/interview/14719

 
     
© 2011 WebStudio.Az LLC